Pezeşkian ictimai dəstək gözləyir?| İranın elitasında fikir ayrılıqları sistematikdir

2025/03/1741085415.jpg
Oxunub: 699     16:29     04 Mart 2025    
Martın 2-də İran parlamenti 182 səslə iqtisadiyyat və maliyyə naziri Abdolnaser Hemmatiyə etimadsızlıq göstərib, 88 deputat “əleyhinə” səs verib, bir səs etibarsız sayılıb. Bu barədə IRNA dövlət agentliyi məlumat verib. Parlamentin fövqəladə iclasında İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian da iştirak edib. O, çıxışında nazir Hemmatini müdafiə etməyə çalışaraq ölkənin sosial-iqtisadi problemlərinin səbəbinin xarici amillər olduğunu əsaslandırmağa çalışıb, lakin bu, nəticəsiz qalıb. Nazir Hemmati “islahatçı şəxsiyyət” kimi tanınırdı.

İran iqtisadiyyatı çətin dövr yaşayır. Pezeşkianın prezidentliyinin yeddi ayında milli valyuta - rial təxminən üçdə bir dəyər itirib, inflyasiya yüksəkdir, əhalinin alıcılıq qabiliyyəti əhəmiyyətli dərəcədə azalıb. Məsud Pezeşkian prezident vəzifəsini qəbul edərkən İran üçün sosial-iqtisadi problemlərin həllini son dərəcə vacib hesab etmişdi.

İranın siyasi elitasında güc balansına bələd olan ekspertlər hələ o vaxt proqnozlaşdırırdılar ki, “dünyaya açılmaq” şüarı ilə Pezeşkianın başının üstündə həmişə istefa təhdidi asılacaq, çünki parlamentdə mütləq əksəriyyət teokratiya tərəfdarı olan mühafizəkarlardan ibarətdir.

İqtisadiyyat və maliyyə naziri Hemmatinin vəzifədən uzaqlaşdırılması, yəqin ki, prezident Pezeşkiana xəbərdarlıqdır. Digər mənbələrə görə, parlamentdə o, Birləşmiş Ştatlarla nüvə proqramı ilə bağlı danışıqlara başlamaq təşəbbüsü və İran İslam İnqilabının lideri Ayətullah Əli Xameneyinin qoyduğu qadağa barədə danışıb. Pezeşkian Xameneyinin ABŞ ilə danışmağın mənasız olacağı barədə fikrini sitat gətirib.

İran prezidenti, əlbəttə, əlavə edib ki, ölkənin xarici siyasətini İslam İnqilabının lideri müəyyən edir və hər kəs onun göstərişləri ilə hərəkət etməlidir. Ancaq çox güman ki, o, ictimaiyyətə mesaj verib ki, əgər İran sanksiyaların yumşalmasına nail olmasa və qlobal bazara çıxışın qarşısını alan maneələri aradan qaldırmasa, sosial-iqtisadi tənzimləmələr olmayacaq. Bu maneələr keçən həftə ABŞ prezidenti tərəfindən daha da sərtləşdirilib.

Özünün Xameneyi ilə fərqliliklərini açıq şəkildə göstərməklə Məsud Pezeşkian, görünür, ictimai dəstək gözləyir. Lakin bu, son dərəcə təhlükəlidir, çünki kütləvi etiraz hərəkatını tətikləyə bilər.

İran parlamenti prezidentin təqdim edəcəyi iqtisadiyyat və maliyyə üzrə yeni naziri təsdiqləməlidir. Məsud Pezeşkian hansı seçimi edəcək? Əgər o, “islahatçı komanda”dan birinin namizədliyini irəli sürərsə və parlament bunu rədd edərsə, artıq aydın olacaq ki, İranın elitasında fikir ayrılıqları sistematikdir. Hadisələrin bu cür inkişafı halında Pezeşkian hansı qərarı verəcək, istefa verəcək, yoxsa parlamentin onu vəzifədən azad etməsini gözləyəcək?

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Pezeşkian  


Bizi "telegram"da izləyin